LAYİHƏ

Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Əsrin Müqaviləsi” ölkənin yeni neft strategiyasının əsasını qoydu.

SOCAR dünyanın müxtəlif ölkələrinin neft-qaz şirkətləri ilə əməkdaşlığa başladı və bu, onu dünya miqyaslı transmilli neft-qaz şirkətinə çevirdi. Son iyirmi il ərzində SOCAR bir sıra uğurlu meqalayihə həyata keçirmişdir.

Upstream-Midstream-Downstream mərhələləri boyunca neft-qaz zəncirinin əlavə dəyərini maksimuma çatdırmaq və Azərbaycanda ən müasir standartlara uyğun emal sənayesi yaratmaq məqsədi ilə SOCAR GPC layihəsinin icrasına start verildi.

Layihənin əsas məqsədi — ölkə əhalisini təmizlənmiş təbii qazla təmin etmək və əlavə dəyər yaradan neft-kimya məhsullarını istehsal etməkdir.

SOCAR GPC Layihəsi çərçivəsində Bakıdan 45 km cənubda Qaradağ rayonunun ərazisində qaz emalı və qaz-kimya zavodları inşa olunacaq.

Bir istehsal xətli qaz emalı zavodunun istehsal gücü ildə 10 mlrd kub metr təşkil edəcək. Emal üçün nəzərdə tutulan təbii qaz və səmt qazları yerli yataqlardan təmin ediləcək və beləliklə də xammal təminatı ilə bağlı risklər aradan qalxmış olacaq. Qaz emalı zavodu təbii qazı emal edəcək və onun tərkibindəki zəhərli komponentləri kənarlaşdıracaq. Neft-kimya sənayesi üçün xammal sayılan C2+  fraksiyaları qazdan çıxarıldıqdan sonra təmizlənmiş təbii qaz ölkənin qaz paylayıcı şəbəkəsinə ötürüləcək.

Kimya kompleksinin strukturuna piroliz, Xətli Aşağısıxlığlı və Yüksəksıxlıqlı Polietilen və digər qurğular daxil olacaqdır. Bu zavod ildə təqribən 600 min ton polietilen və 130 min ton propilen istehsal edəcək. Əldə edilən propilen xammalı polipropilen istehsalı məqsədi ilə “SOCAR Polymer”-in Sumqayıtdakı müvafiq qurğusuna ötürüləcək.

Azərbaycanda istehsal olunacaq polietilen və polipropilen məhsulları ən yüksək dünya standartlarına cavab verəcək. Dünyanın aparıcı tədqiqat şirkətlərinin apardığı bazar araşdırmalarının nəticələrinə əsasən, istehsal ediləcək polimerlərin Türkiyə, Avropa, Çin və digər ölkələrə ixrac edilməsi planlaşdırılır. Məhsulların böyük hissəsi sürətlə inkişaf etməkdə olan Türkiyə bazarına ixrac ediləcək. Burada SOCAR sahibi olduğu Petkim şirkətinin mövcud satış şəbəkəsindən faydalanacaq. Petkim Türkiyə neft-kimya bazarının 30%-nə nəzarət edir.

Layihələndirmə işləri və maliyyələşdirmə üzrə danışıqlar yekunlaşdıqdan sonra Layihə üzrə Yekun İnvestisiya Qərarı veriləcək. Yekun qərar verildikdən sonra inşaat işləri başlayacaq və 48 ay davam edəcək. Zavodların 2022-ci ildə istismara verilməsi planlaşdırılır.

SOCAR GPC Layihəsi Azərbaycanın qaz-kimya sənayesində yeni eranın başlanması deməkdir. Bu layihənin reallaşması ilə Azərbaycan qaz-kimya sənayesində qlobal iştirakçıya çevriləcək.